06.03.2020

“Mən bir gənc müəlliməm” - Aynur İbrahimova

       "Mən bir gənc müəlliməm" layihəsinin budəfəki təqdimatı əslən Göyçay rayonundan olan Aynur İbrahimovadır. Aynur müəllimə  2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Şəki filialının Filologiya fakültəsini bitirmişdir.  Bir il regional televiziyada jurnalist kimi işlədikdən sonra 2013-cü ildə “Müəllimlərin işə qəbul”  müsabiqəsindən uğurla keçərək öz istəyi ilə Ucar rayon Təzə Şilyan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura pilləsinin “Azərbaycan ədəbiyyatı” ixtisasına qəbul olub. İki elmi məqalənin müəllifidir.

 

Məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ortaya çıxarmaq, onları tanıdaraq mükafatlandırmaq olan Gənc müəllim şəbəkəsi və Milli Məclisin Gənclər və İdman komitəsinin təşkilatçılığı ilə keçirilən" İlin gənc müəllimi-2019" müsabiqəsinin finalçısı olmuş, Milli Məclisdə Təltifnamə ilə mükafatlandırılmışdır.

 

2019-cu ildə "Pedaqoji mühazirələr" müsabiqəsinin rayon mərhələsini qazanaraq, Respublika turunda iştirak etmə hüququ əldə etmiş, bu mərhələdə də müəllifi olduğu "Şagirdlərdə rabitəli nitqin inkişaf etdirilməsi təcrübəsindən" mövzulu mühazirəsi qalib gələrək Respublika birinciliyini qazanıb.  2020-ci il yanvar ayında Azərbaycanda ilk dəfə yaradılan Azərbaycan Gənclər Parlamentinin üzvülük üçün keçirilən müsabiqəsini qazanaraq,  elm, təhsil ,mədəniyyət və incəsənət komitəsinin üzvü seçilib.

 

Aynur müəllimə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə Məktəblərdə sağlamlıq təlimləri üzrə ən yaxşı açıq dərsin təşkili müsabiqəsində keçdirtdiyi açıq dərs rayon üzrə birinci yerə layiq görülüb.

Bundan əlavə olaraq, bir sıra rayon və respublika səviyyəli yarışların, təlimlərin, konfransların iştirakçısı olaraq, diplomlarla təltif olunub.

 

Mən bir gənc müəlliməm” layihəsinin keçirilməsində əsas məqsəd gənc, aktiv və müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərən müəllimləri ictimiyyətə təqdim etməkdir.


Açar sözlər: