18.05.2020

Onlayn "Brain Ring" intelektual bilik yarışın nəticələri bəlli oldu.

   Ucar Rayon Təhsil Şöbəsinin təşkilatçılığı, Ucar şəhər 1 saylı Texniki və humunitar fənlər təmayüllü məktəb-liseyin tarix müəllimi Fuad Quliyevin aparıcılığı ilə 40 müəllimin iştirak etdiyi onlayn "Brain Ring"  intelektual bilik yarışı 17 may 2020-ci il tarixdə keçirilmişdir. Zoom proqramı üzərindən aparılan onlayn "Brain Ring"  intelektual bilik yarışı üç turdan və hər bir tutda on sual olmaqla iştirakçılara təqdim olunmuşdur. Sonda 17 suala düzgün cavab vermiş Ucar rayon Bərgüşad kənd  2 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi olan Aydın Seyidov yarışın qalibi olmuşdur.
 

   Xatırlatmaq istərdik ki, Ucar Rayon Təhsil Şöbəsi pandemiya dövründə bir çox ilklərə imza atmışdır. Belə ki, 9-cu siniflərin buraxılış imtahanına hazırlıq məqsədilə onlayn sınaq imtahanları keçirilmiş, “Bizim Dərs” adlı YouTube kanalı üzərindən 150-dən çox video dərslər hazırlanaraq paylaşılmışdır. Yuxarıda qeyd olunan tarixdə keçirilmiş "Brain Ring" intelektual bilik yarışını da bu siyahıya əlavə edə bilərik. Bu cür onlayn yarış və imtahanların keçirilməsi davam edəcəkdir. Hazırda Ucar rayon Təhsil Şöbəsi olaraq 11-ci sinif şagirdlərin buraxılış imthanına hazırlıq üçün onlayn sınaq imtahanı üzərində işlər aparılır.