24.05.2021

“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri”

Azərbaycanın Cənubi Qafqazdakı iqtisadi perspektivləri və Vətən müharibəsinin yaratdığı yeni reallıqlar

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağa etdiyi hər səfəri və tədbirlərdəki çıxışları hər birimizdə böyük maraq doğurur. Çıxışlarında cənab Prezident Azərbaycan əsgərinin yaratığı tarixi reallıqları və bunun nəticəsində Cənubi Qafqaz regionunda gələcək iqtisadi və siyasi addımları tarixi və yeni reallığa əsasən ifadə edir. Bu baxımdan 2021-ci il 20 may tarixində Nizami Gəncəvi Beynəlxalq  Mərkəzi tərəfindən keçirilmiş “Cənubi qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən tədbirdə etdiyi çıxış Cənubi Qafqazın gələcək inkişafı üçün strateji yol xəritəsidir. İlham Əliyevin çıxışının məzmunu ondan ibarətdir ki, Ermənistan və dünya dövlətləri Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni siyasi və iqtisadi şəraitlə barışmalı və əməkdaşlığa öz töhfələrini verməlidirlər.

Tarix boyu Cənubi Qafqaz regionu öz strateji mövqeyi və iqtisadi əhəmiyyəti ilə bütün dünyanın əsas maraq dairələrindən biri olubdur. Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat xətləri Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanın beynəlxalq əhəmiyyətli tərəfdaş kimi əhəmiyyətini hər zaman zəruri edir. Regionun siyasi və iqtisadi aktuallığı durmadan artır. Rəsmi İrəvanın işğalçı siyasəti Ermənistanı tənəzzülə aparmaqla yanaşı regionun iqtisadi prepektivlərini də buxova salırdı. Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər.  Ermənistan siyasi cəhətdən, iqtisadi cəhətdən, hərbi cəhətdən tamamilə asılı ölkədir və səbəb işğaldır. Əgər işğal olmasaydı, Ermənistanın müstəqil və ya yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox təsir vasitələri və daha çox imkanları olardı.

Vətən müharibəsində əldə olunmuş qələbə Ermənistanın işğalçı siyasətinə son qoydu.“Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq öz aktuallığını itiridi. Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olundu.Artıq Qarabağada böyük quruculuq və abadlıq işlərinə başlanılıb və sürətlə davam etdirilir. Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər 10 noyabr 2020-ci il tarixli üçtərəfli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb, lakin ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Müharibə dayanandan sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan tərəfi minaların xəritəsini verməkdən imtina edir və bununla da regionun iqtisadi və siyasi inkişafına əngəl olma missiyasını hələ də davam etdirməyə çalışır. Ərazilərin minadan təmizlənməsi uzun müddətli prosess olmaqla xeyli maliyyə vəsaiti də tələb edir.

Dövlət başçısı çıxışında qeyd etdi ki, regionun gələcək inkişafı naminə yeni əməkdaşlıq gündəliyi müəyyən olunmalıdır. Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq dəfələrlə bəyan etmişik ki, Azərbaycan əməkdaşlığa hazırdır.Ermənistan hökumətindən fərqli olaraq azərbaycan gələcək haqqında düşünür və bunun üçün perspektivli planlar üzərində işləyir və uğur qazanacağına əminik. Davamlı sülh və əmin-amanlıq üçün regionun xalqları birgə yaşamağı öyrənməlidir, çünki biz istəsək də, istəməsək də qonşuyuq və  birgə yaşamanı öyrənməli,soyuq başla hər şeyi analiz etməli, emosiyalara yer verməli deyilik. Əlbəttə, Azərbaycan xalqı azad etdiyi torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə ağır hisslər yaşayır və buna görə bu,bizim üçün daha çətindir.

Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpası bu iki dövlətlə yanaşı, beynəlxalq birliyin söz sahibi olan dövlətləri də düşündürməlidir.Son dövrlərə qədər hələ də bir sıra böyük dövlətlər tərəfindən ikili standartların, yanaşmanın şahidi oluruq. Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında ABŞ böyük rol oynaya bilər. ABŞ ilk növbədə, dünyada aparıcı ölkədir, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Onun dəstəyi və ədalətli mövqeyi regionun inkişafını sürətləndirə bilər. ABŞ dünyanın hər bir regionunda mühüm rol oynayır, ona görə də münasibətləri normallaşdırmağa kömək etmək və icmalara bizim yanaşı yaşamalı olduğumuzu başa salmaq istiqamətində səylər yüksək qiymətləndiriləcək. ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq. Azərbaycan-ABŞ münasibətlərinin böyük potensialı və perspektivi var və bu əməkdaşlığın vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib. Əməkdaşlıq sahələrimizə müasir texnologiyalar və ticarət daxildir. Biz, eyni zamanda, ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyirik. Azərbaycan ilə ABŞ arasındakı əlaqələrdə aparıcı rol ABŞ-a məxsusdur və hər şey qarşı tərəfin gündəliyindən asılı olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, Qarabağ Rusiya ilə ABŞ arasında olan nadir əməkdaşlıq da aktual mövzularından biridir. Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olublar. ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu bir vaxtda xüsusilə aydın görünür ki, münaqişənin həlli məsələsi bəlkə də Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi. Müəyyən mənada Azərbaycan öz münaqişəsi ilə ən azı bu iki supergücün səmimi şəkildə əməkdaşlıq edə biləcəyi bir sahəyə malik olmaqla mühüm rol oynayır. Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmiləri, hər iki ölkənin ordularının baş qərargah rəisləri Bakıda mütəmadi görüşlər keçirirdilər. Rusiya ordusunun baş qərargah rəisi və NATO-nun hərbi komandiri də bir neçə dəfə Bakıda silsilə danışıqlar aparıblar. Bakının seçilməsi, ilk növbədə, Azərbaycanın müstəqil xarici siyasətinin, həqiqətən də, yaxşı göstəricisi, həmçinin ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür.

Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Azərbaycan 30  ilə yaxın müddət ərzində işğalda olan torpaqlarını azad etməklə regionun inkişafa əngəl olan düyünlərin açılmasına və aradan qaldırılmasına doğru mühüm addım atmış oldu. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmaları tələb edir.Regionun gələcək inkişafı ilə bağlı yeni perspektivlər açılır. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur.

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıq və regionun yeni inteqrasiyası ölkələrin inkişafına xidmət edəcəkdir. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. İqtisadi layihələr regional əməkdaşlığı qaçılmaz edir.Zəngəzur dəhlizi regionun inkişafında strateji əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır. Tam aydındır ki, enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb. Sonradan bizə nəqliyyat layihələrinə, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi layihələrinə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib. Bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli bizim birgə səylərimiz sayəsində qoyulub. Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır.

Avropa İttifaqının da regionda dinc inkişafa verəcəyi dəstək çox vacibdir. Avropa İttifaqı hər zaman Azərbaycanın yaxşı tərəfdaşı olub. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Əsas ixracımız Avropa İttifaqının üzv ölkələri ilə bağlıdır və üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalamışdır və ya qəbul etmişdir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq sənədlərinin imzalanması göstərir ki, biz həqiqətən yaxşı və strateji tərəfdaşıq. Bir neçə il əvvəl biz Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri haqqında razılaşmanı parafladıq. Bu isə mühüm mərhələdir. Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzərində işlər aparılır. Avropa İttifaqı və Azərbaycan enerji təhlükəsizliyi məsələlərində çox yaxın tərəfdaşlardır. Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var.

Bu gün bu bir reallıqdır ki,Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Enerjinin Avropaya çatdırılması məsələsinə gəlincə, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərindən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur. Sərbəst inteqrasiya olunmuş 3,5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmış,ilk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu layihə bütün nöqteyi-nəzərdən: maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi.

            Azərbaycanın Asiyanın ən böyük dövlətlərindən olan Çin  ilə münasibətləri konstruktiv şəkildə inkişaf edir. Azərbaycan ilə Çin arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. “İpək yolu” məsələsində Azərbaycan öz ev tapşırığını yerinə yetirib. Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızla birlikdə dəmir yolu şəbəkələrimizi birləşdirdik və əlaqələrimizi gücləndirmək üçün Xəzər dənizində müasir liman inşa etdik. Yükaşırma qabiliyyəti artırıldıqda bu liman 25 milyon ton yük qəbul edə bilər. Ölkəmiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinə sərmayə yatırıb və bu gün Xəzər dənizində ən böyük donanmaya malikdir. Azad olunan ərazilərdə yenidənqurma işlərinə cəlb edilən beş ölkədən şirkətlər sırasında Çin şirkəti də var. Çin şirkətləri bizim enerji sektoruna sərmayə yatıranlardandır. Hesab edirik ki, enerji sektorumuzda Çin şirkətləri daha da geniş təmsil oluna bilər. Azad edilmiş ərazilərdə infrastruktur layihələri bir nömrəli prioritetdir və ümid edilir ki, bir çox Çin şirkəti bizimlə çalışmaq arzusunda olacaq. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü fəal dəstəkləyir. Asiyanı Avropa ilə birləşdirmək kontekstində sözügedən layihə beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və təşəbbüs çərçivəsində Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılar var.

Azərbaycan-İsrail münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Əməkdaşlığımızın vacib sahələrindən biri turizmdir. Pandemiyadan əvvəl Azərbaycan ilə İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilirdi, qarşılıqlı səfərlər mövcud idi. Çünki İsraildə böyük yəhudi-azərbaycanlı icması var, Azərbaycanda isə regionun ən çoxsaylı fəal yəhudi icması mövcuddur. Azərbaycanın yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynayır. Azərbaycanın fəal yəhudi vətəndaşları iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər görürlər. Əməkdaşlığımızın vacib sahələrindən biri müdafiə sənayesidir. Bu əməkdaşlıq uzun illərdir davam edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə reallaşır. Bu ilin sonunadək azad olunmuş ərazilər 100 faiz elektrik enerjisi ilə təmin ediləcək. Magistral yolların inşası prosesi başlanıb. Azad olunmuş ərazilər “yaşıl enerji” zonası elan edilib və orada əsasən bərpa olunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək. Bir milyondan çox insan üçün yaşayış evləri tikilməli və infrastruktur yaradılmalıdır. Livan boyda ərazilərdə işlər görülməlidir, bunların böyük hissəsi də dağlıq ərazilərdir ki, bu da işləri bir qədər çətinləşdirir.

Günün reallığı budur ki, Cənubi Qafqaz regionu inkişaf etmək istəyirsə onun ayrılmaz hissəsi olan Azərbaycan Respublikasının Qarabağ regionunun bərpasına və Zəngəzur dəhlizinin açılmasına  həm Ermənistan,həm də digər iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlər mane olmamalı və yeni reallıqla barışmalıdırlar. 30 il işğal altında qalan torpaqlarını 44 gün ərzində azad edən Azərbaycan xalqı inanaırıq ki, bu iqtisadi müharibədən də qalib çıxacaq.

Şahlıq kənd tam orta məktəbin tarix müəllimi - Elvin Abdulov


Açar sözlər: ,